Təhsil naziri kim ola bilər-Məleykə Abbaszadə, Elmar Qasımov, Ceyhun Bayramov,yoxsa ?..

Təhsil naziri kim ola bilər-Məleykə Abbaszadə, Elmar Qasımov, Ceyhun Bayramov,yoxsa ?.. 

Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarovun Təhsil naziri vəzifəsidən azad edilməsi və digər sərəncamla Vergilər naziri təyin olunması ölkədə əməlli-başlı gündəm yaradıb. M.Cabbarovun yeni vəzifədə necə işləyəcəyini gələcək göstərəcək. Ancaq onun Təhsil naziri vəzifəsindən azad edilməsi böyük əksəriyyət tərəfindən razılıqla qarşılanıb. Bu da səbəbsiz deyil. Son 4 ildə təhsil sisteminin daha da iflic vəziyyətinə düşməsi, biabırçı kadr siyasəti, təhsil müəssisələrində baş verən rəzilliklər hər kəsə bəllidir və bunlarla bağlı yüzlərlə fakt sadalamaq olar.

İndi hamını,ölkə KİV-lərini yeni Təhsil nazirinin kim olacağı və həmin şəxsin Azərbaycan təhsilini lazımi səviyyəyə qaldıra bilib-bilməyəcəyi düşündürür.Müxtəlif şəxslərin Təhsil naziri ola biləcəyinə dair ehtimallar səsləndirilir.Namizədlər isə kifayət qədər çoxdur.Amma unudulur ki,həlledici sözü Dövlət başçısı deyəcək və kimin Təhsil naziri təyin olacağını o müəyyən edəcək.

Faktinfo.az olaraq biz də öz ehtimallarımızı  oxucularımıza çatdırmaq istəyirik.Bu mənada hesab edirik ki, ən layiqli namizədlərdən biri Dövlət İmtahan Mərkəzinin rəhbəri (DİM) Məleykə Abbaszadədir. Xarizmatik şəxs kimi tanınan M.Abbaszadə hər zaman işgüzarlığı, obyektivliyi, prinsipiallığı ilə seçilib. Uzun illər ərzində test sisteminin daha da təkmilləşməsi üçün əlindən gələni edib. Həmçinin, təhsil sistemindəki neqativ halları, dərsliklərdə mövcud olan çatışmazlıqları mütəmadi olaraq səsləndirməsi ilə diqqət mərkəzində olub.O,təhsil sistemini dərindən bilən bir şəxs kimi,ictimai rəydə də müsbət imicə malikdir,onun Təhsil naziri olmaq imkanları nəzərdən keçirilərsə,yəqin ki,barəsində müsbət qərar qəbul edilə bilər.

Təhsil naziri postuna namizəd digər şəxs kimi  Bakı Ali  Neft Məktəbinin rektoru Elmar Qasımovun  adını çəkmək olar. Vaxtilə Təhsil nazirinin müavini işləməsi, eləcə də hazırda rəhbərlik etdiyi ali məktəblə böyük uğurlara nail olması onun ən böyük üstünlüyü sayılır. Xatırladaq ki, E.Qasımov hələ müavin işlədiyi dövrdə nazir postuna iddialı idi. Çoxları onun bu arzusunun gerçəkləşəcəyini gözləsə də, hadisələr tam əksinə cərəyan etdi. Misir Mərdanovun dövründə müəyyən məsələlər əsas götürülərək  E.Qasımov digər müavinlərlə birlikdə vəzifədən azad edildi. Ancaq çox keçmədən ona yenidən etimad göstərildi və Bakı Ali Neft Məktəbinə rektor təyin edildi. Xüsusi qeyd edilməlidir ki, o bu vəzifənin öhdəsindən ən yüksək səviyyədə gəlməyi bacardı. Bakı Ali Neft məktəbində hökm sürən şəffaflığı, nizam-intizam, tələbələr arasında olan həmrəylik zaman-zaman ölkə rəhbərliyinin də dəqqitini çəkib. Elmar Qasımovun simasında təhsili bilən, bu sahədə ixtisaslaşmış bir şəxs obrazı yaranıb. Digər tərəfdən xarici ölkələrin nümayəndələrinin bu təhsil ocağında tədrisin səviyyəsi ilə maraqlanmaları və mövcud vəziyyəti yüksək qiymətləndirmələri də E.Qasımovun xeyrinə işləyən amillərdəndir. Elmar Qasımovun şansını artıran səbəblərdən biri də onun  “SOCAR” prezidenti Rövnəq Abdullayevə yaxın şəxs kimi tanınmasıdır. Xatırladaq ki,bir müddət əvvəl  Faktinfo.az-da gedən “Rektor ətrafında baş verənləri qiymətləndirməyə başlayıb” adlı yazıda sözügedən uğurlardan bəhs olunmuşdu.

Təhsil naziri postuna ən çox iddia edən şəxslərdən biri də heç şübhəsiz ki, Mikayıl Cabbarovla birlikdə işləmiş nazir müavini Ceyhun Bayramovdur. Hazırda nazirin səlahiyyətlərini icra edən C.Bayramovun nazir olmaq istəməsi başa düşüləndir. C.Bayramovun təhsil sistemindəki şəxsləri yaxından tanıması, aparılan və aparılması nəzərdə tutulan bir çox islahatlarda yaxından iştirak etməsi onun mövqeyini bir xeyli məhkəmləndirir.

Bir müddət əvvəl “Faktinfo.az”-da “Nazir iki rektorla bağlı vəziyyəti xeyrinə dəyişmək istəyir” başlıqlı yazı verilmişdi. Yazıda Mikayıl Cabbarovun Bakı Dövlət Universitetinin  rektoru Abel Məhərrəmovu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədovu özünə rəqib görməsindən və bu səbəbdən onları tutduqları vəzifədən kənarlaşdırmağa nail olmaq istəməsindən bəhs edilirdi. Hazırda Yusif Məmmədov məlum səbəblərdən iddiasız bir şəxsə çevrilib. Abel Məhərrəmov isə rektor kürsüsünü qorumaqla bərabər, həm də çoxdankı arzusundan  - nazir olmaq istəyindən hələ də əl çəkməyib. Ancaq hesab edirik ki, o bu vəzifəyə iddialı  olsa da, BDU-dakı indiki durum onun şanslarını bir xeyli aşağı salır.

Nə qədər qəribə olsa  da , nazir postuna iddia edənlər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin  rektoru Ədalət Muradovun da adı keçir. Bu barədə mətbuat da  bir neçə gün əvvəl yazmışdı.Amma,hesab edirik ki ,Ə.Muradovun  ətrafında baş verən məlum olaylar,doktorluq dissertasiyası və professor elmi dərəcəsi alması ilə bağlı şübhələr onun şanslarını kifayət qədər azaldır.

Sonda bir daha qeyd edək ki,yuxarda adları çəkilən  şəxslərin hər biri nazir postuna təyin oluna bilər.Ancaq o da mümkündür ki,heç kəsin ehtimal etmədiyi bir şəxs sözügedən vəzifəyə təyinat alsın,eyni zamanda müəyyən bəlli səbəblərdən  nazir postunun bir neçə ay boş qalacağı da istisna deyil.

Yəni, son qərar Dövlət başçısının iradəsindən asılı olacaq.

Həsrət Gündoğan

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi